Büdcə rekordlarımız: Üfüqdə 50 milyard görünür | Pərviz Heydərovun şərhi

   Büdcə rekordlarımız:    Üfüqdə 50 milyard görünür    | Pərviz Heydərovun şərhi
  10 Sentyabr 2023    Oxunub:1950
Ölkə iqtisadiyyatında real vəziyyəti qiymətləndirmək üçün təkcə dövlət büdcəsi üzrə birinci yarımilin yekunlarına diqqət yetirmək kifayətdir. 2023-ci ilin birinci yarısında büdcəsinin gəlirləri 15 milyard 479 milyon 900 min manat, xərcləri isə 14 milyard 063 milyon 300 min manat olub. 1 milyard 416 milyon 600 min manat məbləğində artıqlıq (profisit) yaranıb. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 147 milyon 700 min manat və ya 11,6 % çoxdur.
Dövlət Neft Fondundan (ARDNF) transfert nəzərə alınmadan büdcənin gəlirləri 28,6% artıq icra edilməklə 12 milyard 818 milyon 900 min manat təşkil edib. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,1% və ya 3 milyard 261 milyon 400 min manat artıqdır. Neftin dünya bazar qiymətlərinin həm dövlət, həm də Neft Fondunun büdcəsində nəzərdə tutulandan yüksək olması, həmçinin, qeyri neft-qaz sektorundan gəlirlərin və yığımın artıqlaması ilə yerinə yetirilməsi sayəsində büdcə ARDNF-dən transfertsiz də müsbət icra olunur. Odur ki, Fondun vəsaitinə tələb azdır. Bunu cari ilin ilk yarısında nəzərdə tutulan 5 milyard 640 milyon manat əvəzinə 2 milyard 661 milyon manat (yəni 2 milyard 979 milyon manat və yaxud 52,8% az) transfert olunması da sübut edir. Səbəb dövlət büdcəsinə vergi və gömrük rüsumlarından müşahidə olunan müsbət dinamikadır.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun dediyi kimi, real sektorda şəffaflığın artması, “kölgə iqtisadiyyatı”nın azalması, biznes fəaliyyətin leqallaşmasına şəraitin yaranması büdcəyə daxilolmaların artması ilə nəticələnib. Büdcəyə gəlirlərin artıqlaması ilə yerinə yetirilməsi ilk növbədə şəffaflaşma prosesinin dərinləşməsinin nəticəsidir. Vergi sahəsində dörd il öncə start götürən bu tendensiya ötən dövrdə özünü göstərib və göstərməkdə də davam edir. Yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 9 milyard 181 milyon 400 min manat həcmində vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,6% və ya 2 milyard 700 milyon manat çoxdur. Bu zaman qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 199 milyon 400 min manat təşkil etməklə keçən ilin ilk altı ayı ərzindəkindən 18,2% (801 milyon 300 min manat) artıq olub.
Dövlət başçımız İlham Əliyev ilin ilk yarısının sosial-iqtisadi yekunlarına dair müşavirədə demişdi ki, bizim maliyyə vəziyyətimizin yaxşılaşmasının səbəblərinin sırasında sektorda nizam-intizamın möhkəmlənməsi, vergi və gömrük orqanlarında islahatların davam etməsi, şəffaflığın təmin edilməsi dayanır.

Müəllifin əvvəlki yazıları:
Liberal iqtisadiyyat nədir və bizdə niyə yoxdur? | TƏHLİL
Borcun qaranlıq tərəfi – TƏHLİL
// Kreditləşmə nə zaman təhlükəli olur
Dollara niyə tələbat yoxdur? – TƏHLİL

Lakin bir məqam var: şəffaflaşma daimi xarakter daşısa da, neftin dünya bazar qiymətləri dəyişkəndi və bizdən asılı deyil. Ona görə də bu cür nisbi amillərin təsir və təzyiqlərindən getdikcə daha çox yaxa qutarmaq gərəkdir. Başqa sözlə desəm, bilavasitə neftin qiymətindən qaynaqlanan artıqlığa (profisitə) bel bağlamaq olmaz.
Diqqət yetirək: 2019-cu ildən bəri ölkəmizdə işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 362 min 900, o cümlədən, qeyri-neft-qaz sektorunun özəl bölməsində 330 minə yaxın artıb. Bu, əmək bazarında “ağardılma” prosesi yönündə həyata keçirilən islahatların nəticəsidir. Odur ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da cari ilin ötən ilk altı ayı ərzində 2 milyard yarım manatdan çox təşkil edib. Qeyd olunan mənbə üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,7% və ya 304 miyon 900 min manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalarsa 16% yüksələrək 1,6 milyard manatdan çox olub.

Dövlət büdcəmiz üzrə profisitin, geniş mənada isə müsbət dinamikanın saxlanmasını istəyiriksə, şəffaflaşdırma və "ağardılma" tendensiyasını dərinləşdirməliyik. Neft Fondundan transfertin azaldılması xəttinin davamı üçün iqtisadiyyatda keyfiyyət dəyişiklikləri dərinə işləməli, dövlət gəlirləri strukturunda qeyri-enerji sektoru üzrə mənbələrdən mədaxil qiymət artımı, inflyasiya kimi amillərə söykənməməli, artım sırf ekstensiv əsaslara köklənməlidir.

Sonda bir məsələyə də toxunum. Prezident İlham Əliyev yuxarıda qeyd etdiyim müşavirədə bildirmişdi ki, builki dövlət büdcəmiz rekord həddə çataraq, 33 milyard manatı keçib. "Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili məsələləri daha tez həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik. Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur”,- dövlət başçısı vurğulamışdı. Düşünürəm ki, profisitdə dayanıqlığa nail olmaqla, 1-2 ilə dövlət büdcəmizin həcmini 50 milyard manata çatdıra bilərik.



Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Büdcə   İqtisadiyyat   Profisit  





Xəbər lenti